Obi-Van Kenobi

Obi-Van "Ben" Kenobi (ing. Obi-Wan "Ben" Kenobi) — "Ulduz müharibələri" franşizasında personaj. Orijinal trilogiyada Obi-Van köməkçi personaj kimi ceday ustasıdır və İngiltərə aktyoru Alek Ginness tərəfindən canlandırılmışdır. Sonradan buraxılmış prikvel trilogiyasında personajın daha gənc versiyası təsvir olunmuşdur. Burada o, Anakin Skayvalker ilə birlikdə iki protaqonistdən biridir və Şotlandiya aktyoru Evan MakQreqor tərəfindən canlandırılmışdır. Orijinal trilogiyada Obi-Van Lyuk Skayvalkerin müəllidir və ona ceday üsullarını öyrədir. O, Dart Vayder ilə dueldə özünü qurban verir, Qalaktik imperiyaya qarşı mübarizəsində Lyuka güc vasitəsilə rəhbərlik edir. Hadisələri on illər əvvəl baş verən prikvel trilogiyasında Obi-Van əvvəlcə ceday ustası Kvay-Qon Cinnin padavanı olur, sonra isə Lyukun atası, sonradan qaranlıq tərəfə keçərək Dart Vayder olan Anakinin müəllimi və dostuna çevrilir. Personaj sikvel trilogiyasında protaqonist Rey ilə danışan cisimsiz bir səs kimi təsvir edilmişdir. O, tez-tez müxtəlif "Ulduz müharibələri" mediasında protaqonist kimi təqdim olunur.

Orijinal "Ulduz müharibələri" (1977) filmində Obi-Van rolunda çıxış edən Ginnes "Ən yaxşı köməkçi aktyor" nominasiyası üzrə Oskar mükafatına nominasiya qazanmışdır. Bu, "Ulduz müharibələri" film seriyasında yeganə aktyorluq nominasiyasıdır. MakQreqorun prikvellərdəki rolu da təriflənmişdir və trilogiyanın diqqət çəkən məqamlarından biri hesab olunur. MakQreqor mövzusu "Sithin intiqamı"nın hadisələrindən on il sonra və "Yeni ümid"dən əvvəlki hadisələri əhatə edən, "Disney+" striminq xidmətində yayımlanacaq serialda rolu yenidən canlandıracaq.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search